Xətai rayonunda mülki müdafiə sahəsində hazırlıq səviyyəsi yoxlanılıb
03.11.2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Xətai rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin və aidiyyəti qurumların nümayəndələri, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqə Fövqəladə Hallar Nazirliyinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin ümumilikdə 19 ədəd texnikası və 97 nəfər şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlığı səviyyəsinin yoxlanılması, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin xəbərdarlıq və toplanış üzrə əməli vərdişlərinin möhkəmləndirilməsi olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin müvafiq funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda məşqin nəticələri təhlil olunub, aşkar edilmiş çatışmazlıqlar qeyd edilib və onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.






